Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin işğalı

08 may 2019 | 16:00

 

Şuşa rayonunun ərazisi 310 kv. km-dir. 1 rayon tabeli şəhər, 1 qəsəbə, 37 kənd olmaqla 39 ərazi vahidi vardır. Əhalisi 01 may 2019-cu il tarixə olan məlumata əsasən 34251 nəfərdir. Rayon əhalisi respublikanın 58 rayonunda məskunlaşmışdır.

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və çoxlu sayda zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.

Ermənistan silahlı qüvvələri Şuşa şəhərinin qiymətli tarixi abidələrini bu gün də dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarixi-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, kitabxanaları, muzeyləri talan edilmiş və hətta məzarlıqları dağıdılmışdır.

Şuşanın müdafiəsi uğrunda 195 nəfər şəhid olmuş, 165 nəfər əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 24 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşa şəhərində erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 25 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, qədim ənənələri olan Şuşa Dövlət Dram Teatrını, Şuşa Televiziyasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və

məhv etmişlər. Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri güllələnmişdir.

Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşa şəhəri artıq iyirmi yeddi ildir ki, təcavüzkar Ermənistanın işğalı altındadır.

Keçidlər