Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə bağlı tədbir

08 may 2018 | 16:00

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə bağlı tədbir

XX əsrin sonunda Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə yuxarı Qarabağda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini bir-birinin ardınca işğal etdilər. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ zəbt olundu.

Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur".

08 may 2018-ci il tarixdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdən öncə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri cənab Bayram Səfərov, Aparatın məsul əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, Ağdam, Füzuli, Xocalı rayon İcra Hakimiyyəti başçısının müavinləri, Xocavənd, Xankəndi şəhər nümayəndələri, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin əhalisi, məktəblilər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri cənab Bayram Səfərov Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikasının bu gün də işğalçılıq siyasətini davam etdirməsindən danışmış, bildirmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər həlak olmuş, 50 min nəfər yaralanmış, təxminən 5 min nəfər əsir və itkin düşmüşdür.

Qarabağ xanlığının strateji mərkəzi sayılmış, məscidləri, karvansaraları, mədrəsələri, abidələri ilə tarixi-memarlıq diyarına çevrilmiş Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Şuşa şəhərindən 195 nəfər torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər isə itkin düşmüşdür. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi və şəhərin digər mədəniyyət ocaqları, tarixi abidələri erməni vandalizminin qurbanı olmuşdur. Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri ermənilər tərəfindən vəhşicəsinə güllələnmişdir.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya maraqla qarşılanmışdır.

Tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında müəllifi Enurə Abdullayeva olan “Əsgər papağı” tamaşası ilə davam etmişdir.

 

 

 

 

Keçidlər