Şriftin ölçüsü :

Saytın rəngi :

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir

28 mart 2018 | 16:00

 

28 mart 2018-ci il tarixində Şuşa rayon İcra Hakimiyyəti və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, İcma üzvləri, Aparatın məsul işçiləri, rayonun idarə, müəssisə rəhbərləri, ziyalılar iştirak edirdi.

Soyqırımına məruz qalmış soydaşlarımızın və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 yanvar 2018-ci il tarixdə «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncam imzalamasından danışaraq bildirmişdir ki, erməni millətçiləri iki yüz ildən çoxdur xalqımıza qarşı ardıcıl soyqırımı və təcavüz siyasəti aparır. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə soydaşlarımız Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilmişdir. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində isə ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, on minlərlə insan həlak olmuş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 1918-ci ildə erməni millətçiləri tərəfindən törədilmiş qanlı faciənin tarixi haqqında danışan B.Səfərov vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı erməni millətçilərinin törətdikləri soyqırımına ilk hüquqi-siyasi qiymət olmuşdur.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov bugünkü Azərbaycan dövlətinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artmasını, Cocuq Mərcanlının bərpasının və Tərtər rayonunun Şıxarx qəsəbəsində yeni şəhərciyin tikintisinin Azərbaycan dövlətinin gücünü bir daha göstərməsini xüsusi qeyd etmişdir. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin Yanında İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov öz çıxışında bildirmişdir ki, mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib, məscidlər, məktəblər yandırılıb, dağıdılıb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilib, əhalisi qətlə yetirilib.

Tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynov, “Müharibə, Əmək və Silahlı Qüvvələr” Veteranlar Təşkilatının Şuşa rayon filialının sədri Ağalar Əliyev öz çıxışlarında Azərbaycan xalqının soyqırımına məruz qalmasından, fərqli araşdırmalar nəticəsində erməni yalanlarının ifşasından danışmışlar.

Tədbirdə «31 mart-Azərbaycanlıların soyqırımı»na həsr edilmiş «Yalan haqqında həqiqət» sənədli filminin nümayişi olmuşdur.

 

Keçidlər