Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyi keçirildi

10 noyabr 2017 | 16:00

 

Noyabrın 10 - da Beynəxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Şuşa təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da musiqinin beşiyi kimi tanınır. Şəhər Azərbaycan musiqi mədəniyyətində iz qoyan bir çox dahilərin vətənidir.

Elə bir şuşalı yoxdur ki, onun musiqi duyumu olmasın, musiqini sevməsin. Bu sevginin nəticəsidir ki, Azərbaycanda ilk musiqi məktəblərindən biri 1932-ci ildə Şuşada vokal ustası, böyük sənətkar Bülbülün təşəbbüsü ilə açılıb. Bu məktəbin məzunları sırasında tanınmış sənətkarlar - Süleyman Ələsgərov, Əşrəf Abbasov, Rauf Əliyev, Kamal Məmmədov, Kamal Abbasov və digər musiqi xadimlərimiz olub.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, ”Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Yaşar Əliyev, məktəbin məzunu, Əməkdar artist Anar Şuşalı və Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov çıxış edərək tədris ocağının tarixindən, 85 illik fəaliyyətindən, yetirmələrinin qazandığı uğurlardan söhbət açdılar.

Mərasimdə ”Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək bütün mədəniyyət işçilərini, məktəbin kollektivini , pedaqoji heyətini ürəkdən təbrik etmişdir. Cənab başçı çıxışını bu sözlərlə yekunlaşdırdı : ” İnanırıq ki, Möhtərəm prezident İlham Əliyev cənablarının böyük və məntiqi uzaqgörənliyi ilə , ərazi bütövlüyümüz uğrunda apardığı siyasət nəticəsində yurd- yerlərimiz işğaldan azad olunacaq, böyük festivalların, müsabiqələrin , konsertlərin sizinlə birlikdə Şuşada iştirakçısı olacağıq. Hamınıza Şuşalı günlər arzu edirəm! “

Bədii hissədə xalq çalğı alətləri ansablının müşayiəti ilə Emin Sabitoğlunun “Can Azərbaycan” mahnısını uşaq xor kollektivi ifa etdi. Əməkdar artist Anar Şuşalı “Vətənimdir”, məktəbin tələbələri Fatimə Ağazadə “Turacı”, Emin Məmmədli “Gözəl Şuşam”, Gümanə Mərdiyeva, Elbrus Abbasov, Arzu Məmmədova “Qarabağ şikəstəsi” ni səsləndirdilər. Tədbirdə “Yallı” rəqsini beynəlxalq və respublika müsabiqələrinin laureatı, məktəbin “Təbəssüm” rəqs qurupu nümayiş etdirdi. İfalar alqışla qarşılandı.

 

 

 

 

 

 

 

Keçidlər