Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonunun sosial-iqtisadi inkişafının 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir

18 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabr ayının 9-da Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. 18 oktyabr tarixində Şuşa rayonunun sosial-iqtisadi inkişafının 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun 2017-ci ilin 9 ayının yekunlarına dair hesabat məruzəsi dinlənilmişdir. Bayram Səfərov məruzəsində bildirmişdir ki, Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan ildən-ilə daha da güclənir, sosial inkişaf proqramları, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılır.

O, məruzəsində qeyd etmişdir ki, ölkəmizdə ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5 faiz artmış, qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Doqquz ayda 226 min yeni iş yeri yaradılmışdır ki, onlardan 171 mini daimi iş yeridir.Valyuta ehtiyatları 4,5 milyard dollar həcmində artaraq 42 milyard dollar səviyyəsində olmuşdur. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur. Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı 2018-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini bildirdi. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. İndiyədək 250 mindən çox soydaşımız dövlət tərəfindən mənzillərlə təmin olunub.

Məruzəçi qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev demişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.” Dövlətimizin başçısı onu da vurğuladı ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi. Bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir.

Bayram Səfərov rayonun sosial-iqtisadi göstəriciləri haqqında ,təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, rayonda ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.

Şuşa rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısının Xanalılar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Çingiz Əliyev məruzə ətrafında çıxışlar etmişlər.

Məsələ ilə bağlı Qərar layihəsini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Hidayət Səmədov oxumuşdur.

Keçidlər